Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Aparıcı etikasını İTə peşkəş edənlər...

Aparıcı etikasını İTə peşkəş edənlər...

Aparıcı etikasını İTə peşkəş edənlər...
2023-11-21 , 16:26

Bu günlərdə “Xəzər axşamı”na baxırdım. Aparıcı Mətanət Əliverdiyeva çoxdan efirlərdə görünməyən illərin müğənnisi İntiqam Kərimova sual verdi ki, niyə efirlərdə görünmürsüz? Həmsöhmətinin ağzını açmasını gözləmədən özü də gülə-gülə cavab verdi ki, “belə bir söz var e, elə səni görməsələr yaxşıdır”… 

Adam guya zarafat etmək istədi, amma əslində, qonağa olan hörmətsizliyini ortaya qoydu. Hərçənd sənətçi bu sözü eşitməzdən gəldi, ya nədirsə, mədəniyyətinə sığışdırıb qarşı tərəfə cavab vermədi. Daha dəqiq desəm, aparıcının səviyyəsinə düşmək istəmədi.
Sözümün “mustafa”sı var… Əvvəllər gündəm yaratmaq, reytinq gətirmək xatirinə aparıcılar efir etikasını pozub müğənniləri qızışdırır, qalmaqala sövq edir, dedi-qodu etmələri üçün şərait yaradırdılar. Necə deyərlər, “söyüşün biri bir qəpiyə” olurdu. İndi isə əksinə, şoumenlik etməkdə özləri şou əhlini geridə qoyublar. Təki verilişim reytinqlərdə birinci olsun, baxılsın.
Özləri də yeni “metod” kəşf ediblər. Verilişə dəvət etdikləri qonaqları aşağılamaq, ələ salmaqla səviyyələrini qaldırmağa çalışırlar. Amma efir mədəniyyətindən xəbərsiz olan bu aparıcılar nəticədə özlərini gözdən salırlar. Kənardan belə təəssürat yaranır ki, bunlar yəqin evlərinə gələn qonağa da eyni münasibəti göstərirlər.
Məsələ ondadır ki, bu metodu qorxub çəkindikləri sənət adamlarına yox, daha çox zəif, gücsüz gördükləri abırlı insanlara tətbiq edirlər. Çünki güclü bildiklərinin onları canlı yayımda yerlərinə oturdacaqlarına yaxşı əmindirlər. Necə ki dəfələrlə bu vəziyyətə düşüblər də… Söhbət canlı yayımlardan gedir.
İndi deyəcəksiniz ki, günah həmin aparıcılarda yox, onların verilişinə gedənlərdədir. Bəli, özünə hörmət edən sənət adamı o aparıcıların verilişinə getmir. Gedəndə də o tip aparıcılara “həddini aşmağa” şərait yaratmır. Dəfələrlə şahidi olmuşam, hörmətsizliklə qarşılaşdıqları, məsxərəyə qoyulduqları zaman elə canlı yayımda aparıcıya sərt üzlərini göstəriblər.
Hətta həmin müğənni tərəfindən üzr istəməyə məcbur da ediliblər. Amma bunu da hamıya şamil etmək olmaz. Efirə çıxmaq, gündəmdə qalmaq istəyən o qədər sənət adamı var ki… Onlar buna görə dözməyə, alçaldılmağa, lağ obyekti olmağa razıdırlar.
Elə bunun nəticəsidir ki, son vaxtlar verilişlərdə nadir halda gerçək sənətkar görmək olur. Efirə gələnlərin əksəriyyəti ucuz şou əhlidir. Ancaq vaxt vardı, onlar heç telekanalın həndəvərində belə dolana bilmirdilər, nəinki verilişlərə çıxmaq…
Bu da ayrı bir söhbətin mövzusudur, o barədə növbəti yazımızda/Yenicag.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.