Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Azərbaycanda bütün televiziyalar müftə yeməyə alışıb”

“Azərbaycanda bütün televiziyalar müftə yeməyə alışıb”

“Azərbaycanda bütün televiziyalar müftə yeməyə alışıb”
2023-06-21 , 14:02

Xəbər verdiyimiz kimi, Space TV-nin "Gəl danış" sosial məzmunlu verilişinin aparıcısı, tanınmış jurnalist Amil Xəlillə yazıçı kulturoloq Aydın Xan Əbilov arasında qalmaqal yaşanıb. Tərəflərin üz-üzə gəlməsinə səbəb isə Aydın Xan Əbilovun verilişdə ekspert kimi çıxışına görə qonorar tələb etməsi olub.

Amil Xəlilin "özünə hörmət qoyan aparıcı Aydın Xan Əbilovu verilişinə dəvət etməz" sözləri qarşı tərəfin kəskin etirazına səbəb olub və gərginlik daha da artıb.
Bəs görəsən, verilişə ekspert qismində dəvət olunanlara qonorar verilməlidirmi? Dünya təcrübəsi bu barədə nə deyir?
Məsələ ilə bağlı Yenisabah.az-a tanınmış media eksperti, hüquqşünas Ələsgər Əhmədoğlu danışıb. O, dünya təcrübəsində ekspertlərə qonorar verilməsinin geniş yayıldığını bildirib:
"İstənilən televiziya fəaliyyəti kommersiya fəaliyyətidir və televiziya bundan pul qazanır. Telekanallar pul qazandığı üçün əlbəttə ki, onların müəyyən xərcləri də olmalıdır. Bu xərclərdən biri də efirini daha keyfiyyətli etmək üçün qoyduğu investisiyadır. Bu investisiya həmçinin zamanı qiymətli olan, amma çox önəmli, cəmiyyət üçün mesajlar ötürə bilən ekspertlərə qonorar verməsi ola bilər.  Bu tamamilə təbii haldır, dünyanın hər  yerində ekspertlər bu tip proqramlarda dəqiqəsinə görə, şərhlərinə görə müəyyən qonorar alırlar".
Ə.Əhmədoğlu qeyd edib ki, televiziya verilişlərində iştirak edən hər hansı ekspertin telekanaldan qonorar tələb etməsi onun hüququdur və burada qanuna zidd heç nə yoxdur:
"Bu məsələyə gələndə təəssüf ki, Azərbaycanda bütün televiziyalar müftə yeməyə alışıblar. Çünki onların ya vəsaitləri dövlətdən, yaxud  da hansısa formada ictimai büdcələrdən gəlir. Özləri heç biri hesabatlı deyil və biz yerli telekanalların reklamdan nə qədər gəlir əldə etdiyini, nə qədər vergi verdiyini demək olar ki, bilmirik. 
Amma buna rəğmən onlar istəyirlər ki, hər zaman hər kəs borcuymuş kimi gəlib onlara xidmət versin, hətta ayaqlarına gəlsin. Bu aspektdən yanaşma ənənəvi media yanaşması deyil, bu daha çox totalitar və mərkəzdən idarə olunan sistemlə işə bağlanan mediadır. Onlar özlərini daha çox idarəetmənin uzantısı kimi hiss edirlər. 
Amma istənilən ekspertin hüququ var ki, öz zamanını bir formada qiymətləndirsin və o zamana uyğun şəkildə verəcəyi məsləhət, yaxud ekspert xidmətinə görə bəlli bir ödəniş tələb etsin. Bu, tamamən onun haqqıdır. Eyni zamanda, qarşı tərəfin də bunu qəbul edib, etməməsi onun haqqıdır, özünün seçimidir. Burada hansısa neqativ hal yoxdur, biz düşünə bilmərik ki, kimsə davranış qaydalarına zidd hərəkət edib. Bu ikili və biznes münasibətlərinin ən təməl əlifbasıdır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.