Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Kamran Əsədov:"50 bal toplayanla 30 bal toplayana eyni əməkhaqqı artımı etmək ədalətli deyil"

Kamran Əsədov:"50 bal toplayanla 30 bal toplayana eyni əməkhaqqı artımı etmək ədalətli deyil"

Kamran Əsədov:
2023-07-02 , 22:26

Son günlər sosial şəbəkələrdə sertifikasiyadan keçən müəllimlərin narazılığı müşahidə olunmaqdadır. Belə ki, sertifikasiyadan uğurla keçən müəllimlər əmək haqqlarına ediləcək artımların ədalətli olmadığını, 31 bal toplayanla 48-50 bal toplayan müəllimin əmək haqqına eyni qaydada, yəni 10 faiz artım edilməsinin ədalətsizlik olduğunu vurğulayırlar. Məsələ ilə bağlı artıq millət vəkilləri, təhsil ekspertləri də münasibət bildirməyə başlayıblar. 

Mövzuya münasibət öyrənmək üçün tanınmış təhsil eksperti Kamran Əsədova müraciət etdik. K.Əsədov Yenilik.az-a bildirdi ki, "Əvvəla qeyd edim ki, hal hazırda Azərbaycanın 4432 orta təhsil məktəbində 150 minə yaxın müəllim çalışır və Azərbaycan müəllimlərinin ilk dəfə bilik və bacarıqların yoxlanması 2014-2018-ci illəri əhatə edən diaqnostik qiymətləndirmə vasitəsilə həyata keçirilib. Biz buna qədər müəllimlərimizin bilik və bacarıqları ilə bağlı məlumatlı deyildik və etiraf edək ki, 2014-2018-ci illərdə həyata keçirilən diaqnostik qiymətləndirmələr göstərdi ki, orta təhsil məktəblərində çalışan müəllimlərin ciddi şəkildə öz ixtisaslar üzərində işləmələrinə ehtiyac var.
Sertifikasiya ilə bağlı bir məqamı qeyd edim ki, bu müəllimlərin həm əmək haqlarına, həmçinin dərs saatlarına öz təsirini göstərəcək. Amma təbii ki, hal hazırkı qiymət artımı faizi doğru yanaşma deyil."
K.Əsədov deyib ki, "Burda 10% və 35% arasında ciddi bir fərqi var. Bu, ədalətli deyil. Yəni 50 bal toplayanla 30 bal toplayana eyni əməkhaqqı artımı etmək ədalətli deyil. Təbii ki, bu qaydalar dəyişməlidir. Onu qeyd edirəm ki, Elm və Təhsil Nazirliyi sertifikasiya qaydalarının müəyyən etdiyi bir il ərzində qaydalarda 9 dəfə fərqli dəyişikliklər edilib. İstər keçid balı ilə bağlı, istər 60 yaşlıların buraxılıb buraxılmama məsələsi, ya da 3 ilə qədər endirmə məsələsi iştirak məsələləri, yəni qaydalar dəyişib. Düşünürəm ki, hal hazırkı qayda da dəyişməlidir. 30 baldan 40 bala qədər bal toplayanlar 10% artmalıdır. 40 baldan 50 bala qədər toplayanlar 20% və 51-60 bal toplayanları artırmalıyıq. Yəni hal hazırda 2 artım faizi doğru yanaşma tərzi deyil. Müəllimlərin sosial vəziyyətini o qədər də yaxşılaşdırmayacaq. Sertifikasiyanın əsas məqsədi müəllimin öz biliyinə görə qiymətləndirilməsidirsə, 50 bal toplayanın 30 bal toplayanla eyni qiymətləndirilməsi ədalətdən danışmağa imkan vermir. Mən hesab edirəm ki, birmənalı şəkildə  bu dəyişməlidir, yeni artım tətbiq edilməlidir. Balı 51-dən yuxarı olanlara daha yüksək artım tətbiq edilməlidir. Hal hazırki ciddi şəkildə dəyişməli olan məsələlərdən biri əmək haqqlarının artım məsələsidir. Ara fərqinə baxsaq 30 bal toplayanla 50 bal toplayan arasında 20 bal fərq var, amma bunlar eyni 10% artım alırlar, bu ədalətli deyil. Ona görə hesab edirəm ki, 30-40 bal, 40-50 bal, 50-60 bal arasında artım faizləri tətbiq edirsə, bu ədalətli olar." 
"Bu müəllimlərin öz üzərində daha yaxşı işləməsinə, eyni zamanda rəqabət mühitin formalaşmasına da gətirib çıxaracaq "-deyən K.Əsədov qeyd edib ki, "hər il şəffaf, obyektiv şəkildə məndən işə qəbulu vasitəsilə yeni gənc və bilikli müəllimlərin işə qəbul edilməsi Azərbaycan təhsili üçün oduqca müsbət addımdır və artıq Azərbaycan təhsili yeni biz dövrə qədəm qoyub. Biz bilirik ki, hər il məktəblərdə baş verən hadisələr müəllimlərin şagirdlərlə münaqişəsi, müəllimlərə münasibətin xoş olmaması, təhsilə münasibəti çox aşağı səviyyəyə salır və burda bir vacib məqam təhsilə etimadın artırılmasıdır. Bunun üçün bilik və bacarıqları yüksək olan müəllimlər sistemdə saxlanılmalıdırlar və Elm və Təhsil nazirliyi bu istiqamətdə müəllimlərin sertifikasiyasına başlayıb. Müəllimlərin sertifikasiyası ilk dəfə 2022-ci ildə keçirildi və 11000 müəllimimiz iştirak elədi. Onların 2800-ə qədəri minimum keçid balını toplaya bilmədi və bu çox aşağı bir nəticə idi. Prosesin indi ikinci mərhələsi başlayıb və ümid edirəm ki, bu il nəticə daha ürəkaçan olacaq."

Vüsalə Hacıyeva, Yenilik.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.